AzVision-6 | Cəbhədən cəbhəyə - VİDEO

   AzVision-6 |   Cəbhədən cəbhəyə -    VİDEO
  16 İyul 2020    Oxunub:18304
Real TV-də efirə gedən “AzVision” proqramının altıncı buraxılışını təqdim edirik. Çərşənbə günləri efirə gedən verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Xoş gördük. Əslində, elə günlərdən keçirik ki, adam “xoş gördük” deməyə də bir az ehtiyat edir, çünki biri çıxıb, “xoş görünən nə var” soruşsa, cavab vermək çətin olacaq. Amma biz həqiqətən istəyirik ki, ölkəmizdə xoş görünən və xoş olan çoxlu şeylər baş versin. Ona görə də, bunun yeganə yolundan danışacağıq.



Həftənin əvvəlindən başlayaraq, ölkənin vəziyyətini qısaca bu sözlərlə ifadə etmək olar: “Cəbhədən Cəbhəyə”. Biz koronavirusla qlobal müharibəni bitirməyə macal tapmamış, o yandan da KARENavirus ortaya düşdü. Üstəlik, daxildən də xeyli viruslar aktivləşdilər. Qəribə vəziyyətdir. Azərbaycan dövləti faktiki 3 düşmənlə mübarizə aparmağa məcburdur: Görünən, görünməyən və maskalanmış.

İyulun 14-dən 15-nə keçən gecə Bakının küçələrində baş verənlər nəhəng bir ibrət dərsi idi. Cəmisi bir neçə saatın içində hisslərin bütün palitrasını yaşamaq üçün imkan oldu: qürur, tərəddüd, çaşqınlıq, həyəcan, narahatçılıq, qorxu, peşmançılıq... Əvvəlcə çoxumuz qürurlanırdıq ki, xalq öz torpaqlarına, ordusuna, taleyinə biganə deyil, buna görə də küçələrə axışır. Bu, həqiqətən də böyük fəxarət tablosu idi. Amma eyni zamanda bir çaşqınlıq vardı: Aksiyanı nəyə görə keçiririk? Axı etiraz edəcəyimiz qədər ciddi məğlubiyyət, qeyd edəcəyimiz qədər ciddi qələbəmiz yoxdur. Elə isə, niyə küçəyə çıxırıq? Axı karantindir. Axı küçəyə ancaq sms-lə icazə alaraq, çıxmaq mümkündür. Bəri başdan, elə ilk addımdaca dövlətin əmrini pozmaqla dövlətə dəstək olmaq mümkün və düzgündürmü?

Və nəhayət, daha ciddi sual: Küçəyə axışan bu insanları kim idarə edir? Əgər onları idarə edən yoxdursa – pisdir. Çünki xalq ilə kütləni ayıran fərqlərdən biri də məhz bu məqamda – birincinin idarə olunub, ikincinin olunmamasında özünü göstərir. 80-ci illərin sonunda Qarabağ üçün meydana çıxan kütləni idarə edən liderlər var idi. Pis-yaxşı, amma hər halda, kiminsə sözünə qulaq asırdırlar. Yaxşı, bəs gecə vaxtı heç kimin sözünə qulaq asmayan kütlə Bakının mərkəzini doldursa, onda bu, nə demək olacaq?

Vətəndaşlıq: Hissi və Məsuliyyəti

Bu sualdan sonra vətəndaşlıq hisslərilə vətəndaşlıq məsuliyyətinin arasında konflikt başlayır və vətəndaşlıq məsuliyyəti daha güclü olanlar artıq narahatlıq keçirirdilər. Çünki idarə olunmayan insanların toplusu hər an kütləyə çevrilə bilər, kütlə isə həmişə qorxuludur. Xüsusilə də ictimai emosiyaların gərgin vaxtında. Bu halda Qarabağın qaytarılması tələbilə meydana çıxan kütlə özü də istəmədən Qarabağın daha çox itirilməsinə səbəb ola bilər. Yada salaq: Biz Qarabağ torpaqlarını Qarabağda itirmişik bəyəm? Yox. Biz onları Bakıda itirmişik – 1990-cı ildə də, 91-də də, 92-də də... Cəbhədə döyüşlərin getdiyi məqamda Bakıda hansısa iğtişaş qızışarsa, bu, Qarabağın daha çox itirilməsindən başqa heç nəyə xidmət etməyəcək.

Əgər ortada idarə olunmayan izdiham varsa, onun qabağına düşmək üçün kimlərsə meydana atılacaqlar. İyulun 14-dən 15-də keçən gecə məhz bu oldu. Kütlə anlamaq istəmədi ki, tarixin 14 iyul olmasına baxmayaraq, Milli Məclisin binası Bastiliya qalası deyil. Bu andan etibarən daha meydanda xalq yoxdur, səhnədə kütlə var. Ona görə də, baş verənlərdə daha heç bir məntiq axtarmağa dəyməzdi. Hər şey ənənəvi sxemlə inkişaf edəcəkdi – aşırılan maşın, sındırılan şüşələr, zorakılıq... Bu andan başlayaraq, 3 saat əvvəl yaşanan xalqına görə qürur hissi qorxu və peşmançılıqla əvəzlənir.

Və ən əsası: Vətəndaşlıq məsuliyyəti vətəndaşlıq hissindən güclü olanlarda bu andan başlayaraq, artıq dövlətinə görə qürur hissi yaranmağa başlayır. Çünki həmin saatlarda orada vəziyyəti öz nəzarətinə almağı bacaran polis olmasa idi, indi hər şey necə olacaqdı, biz indi nə haqda danışacaqdıq – hətta düşünmək belə, qorxuludur. Məhz və yalnız dövlətin düzgün və qətiyyətli addımları sayəsində biz bu bəlanı atlatdıq.

Qarabağa gedən yol

Əgər küçələrə çıxan kütlənin məqsədi dövlətə dəstəyini ifadə etmək idisə, axı dövlətin təmsilçiləri onlarla görüşdülər; hətta yürüşə çıxanlara əvvəlcə polis özü yol göstərirdi. Dünyaya xalq-dövlət həmrəyliyini nümayiş etdirib, sakitcə dağılışmaq lazım idi. Amma yox – kimlərsə nəyə görəsə hesab etdilər ki, Qarabağa gedən yol Milli Məclisin binasından keçir. Biz, ümumiyyətlə, Qarabağa gedən yolu çox vaxt çaşdırırıq. Bir ara hətta “Qarabağa gedən yol Fələstindən keçir” kimi anormal şüar da ortaya çıxmışdı. Halbuki, Qarabağı geri qaytarmağın ancaq bircə yol var və o da ancaq bircə istiqamətdən keçir. Həmin istiqamət güclü Azərbaycan dövlətidir.

Əgər biz həqiqətən Qarabağın qaytarılmasını, düşmən üzərində qələbə qazanılmasını istəyiriksə, bunun yeganə yolu dövlətimizin güclü, çox güclü, hər zamankından daha güclü olmaısdır. Bunun üçün dövlətə dəstək olmalıyıq; dövlətə dəstək olmaq isə onun dediyinə qulaq asmaq, çağırışına hay verməkdir. Bu gün həmin çağırış “evdə qal” şəklindədirsə, demək, evdə qalmalıyıq. Qarabağ cəbhəsində düşmən problem yaradırsa, virusla savaş cəbhəsində də biz problem yaratmalı deyilik. Faktik olaraq, insanları virusdan qorumaq üçün aylarla görülən bütün işlər bir gecədə heç edildi. Dövlət vətəndaşının həyatını eyni zamanda neçə cəbhədə qoruya bilər və qorumalıdır axı?!

Nəyə görəsə, bizə elə gəlir ki, hər şeyi dövlətdən daha yaxşı bilirik və daha yaxşı bacararıq. Bəs necə?! Biz dövlətdən daha yaxşı bilirik ki, müharibə necə aparılmalıdır, haranı vurmaq lazımdır, hara hücuma keçməliyik. Amma başa düşmürük ki, idarəçiliyin əsas qanunlarına görə, sənin informasiyan nə qədər çoxdursa, verəcəyin qərar da bir o qədər düzgün ola bilər. Feysbuk və yutubdan başqa informasiya mənbəyi olmayanlara elə gəlir ki, neçə-neçə dəqiq mənbələrdən informasiya və təhlil əldə edən şəxslərdən daha çox bilirlər, daha uzağı görürlər. Bu, qorxulu və təhlükəli illüziyadır.

Dünən gecəki hadisədən çıxan ən böyük ibrət həm də budur: Əgər xalqla qürur duysan, təəssüf ki, bu, bir neçə saatdan sonra peşmançılıqla da əvəzlənə bilir. Ona görə də, Dövlət Ata ilə qürur duymaq, ona inanmaq, ona güvənmək, ona arxalanmaq lazımdır. Əmin olmalıyıq ki, o, hər şeyin düzünü bilir və edir!

Murdar yer də boş qalmır

Hadisədən çıxan başqa bir nəticə də maraqlı və vacibdir: Bəlli oldu ki, olkədə hər an kütlənin qabağına düşüb, xalqın qatarını xaos və iğtişaş stansiyasına yönəltməyə müntəzir olan qüvvələr, qruplar var. Onlar təşəbbüsü sürətlə ələ alaraq, xalqın ən gözəl, saf niyyətlərini də ölkə və dövlət üçün bəlaya çevirə bilərlər. Bəli, biz inanırıq ki, gecə küçələrə axışan insanların 99%-nin niyyəti ancaq Qarabağ idi və heç birinin ağlından Milli Məclisə girmək keçməmişdi. Amma gördük və bundan sonra da unutmamalıyıq ki, niyyət heç də hər şey demək deyil. Düşmən xaricdə də, daxildə də hər an fürsət gözləyir. Kim idi bu daxildəki düşmənlər - insanları Milli Məclisin binasına, polis maşınlarına hücuma qızışdıranlar? Şübhəsiz ki, istintaq da aparılacaq, o adamlar da aşkarlanacaq, cəzalarını da alacaqlar. Amma həmin yerlər boş qalmayacaq. Çünki təkcə müqəddəs yox, elə murdar yerlər də boş qalmırlar. Hər murdar yerin öz milçəyi tapılacaq. Başqa potensial təxribatçılar yetişdiriləcək, hazırlanacaq, bu dəfə onlar fürsət gözləyəcəklər ki, görək, nə zaman xalqın xoş niyyətinin qabağına düşüb, onu fəlakətə çevirə bilirik?!

Belə olmaması üçün hətta xoş niyyətlərlə olsa belə, özfəaliyyəti unutmaq, kürəyini dövlətə söykəyib, heç nədən narahatlıq keçirməmək, ancaq dövlətin çağırışlarına hay verib, sözünə qulaq asmaq lazımdır. Qosqoca xalqıq, amma hansısa avantüristlər alabəzək informasiyanı saçaqlı konfet kimi uzadıb, bizi uşaq kimi aldadaraq, başqa tərəflərə apara bilirlər. Ayıbdır e. Qədim və müdrik bir xalqın təmsilçiləri ona konfet uzadan pedofil əlinə aldanan uşaq kimi düşmən əlilə ötürülən informasiyalara aldanırlar. Bu gün bizə guya informasiya verən bütün xarici resurslar – “Meydan tv” olsun, ya “Azadlıq”, ya “sanitar qovşağı tayms”, yaxud “Açıq söz”, “Turan tv”... fərqi yoxdur,- hamısı yoldan çıxarmaq istədiyi uşağa konfet uzadan qoca pedofil əlindən başqa bir şey deyillər. Əslində bir az yuxarıya baxsaq, hamısının elə bir əl olduğunu da görəcəyik. Biz o əli rədd etməyi bacarmalıyıq. Engels deyirdi ki, təsadüfən rast gəldiyi macərapərəst tərəfindən zorlanmasına imkan vermək bir qadın üçün olduğu kimi, bir xalq üçün də bağışlanmaz səhvdir. Eynilə, Azərbaycan xalqı da özünün hisslərini, Vətən və Qarabağ sevgisini, gələcəyini, dövlətinə münasibətini bir qrup formaca macərapərəst, mahiyyətcə erməninin öhdəsinə buraxmamalıdır.
Azca geniş bucaqdan baxsaq, anlamaq çətin deyil ki, hansısa qüvvələr gecəki hadisəni cəbhədə dörd gündür gedən döyüşlərin daxildən müşayiətinə çevirmək istəmişdilər. Bir anlıq təsəvvür edək ki, cəbhədə indiki vəziyyətin fonunda Bakıda da ara qarışır, vətəndaş qarşıdurması başlayır... Nə olardı? Ermənilərə bundan böyük hədiyyə təsəvvür etmək mümkün deyil. Biz o hədiyyəni heç bir halda düşmənə verməməliyik.

Çoxbilmiş quşun dimdiyi

Başqa vaxtlarda dövləti, onun ayrı-ayrı qurumlarının işini tənqid etmək, sorğulamaq olar, amma müharibə vaxtı əsla. Müharibə vaxtı sərhəd yoxdur, səngər var; dövlət yoxdur, qərargah var; və prezident yoxdur, Ali Baş Komandan var. Hərbi şəraitin hərbi də qanunları olmalıdır. Verilən informasiyalara inanmaq, hələ ki verilməyənlərin nə vaxt deyiləcəyini gözləmək lazımdır. Rəsmi məlumatda verildiyindən daha artıq informasiya tələb etmək və olmayanda onun yerini başqa yollarla doldurmağa çalışmaq - Bizimlə manipulyasiya etmək istəyənlərin atdığı ilgəyi öz əlimizlə boynumuza keçirmək deməkdir. Dövlətin dediyi ilə kifayətlənməyib, əlavə informasiya axtaranların çoxbilmiş quş kimi tələyə düşmək ehtimalları xeyli yüksəkdir.
Dəhşətlisi odur ki, çox vaxt rəsmi informasiya ilə qane olmaq istəməyənlər hətta erməni mənbələrinin məlumatlarını həqiqət kimi qəbul etmək həddinə qədər ağıllarını itirirlər. Halbuki, başa düşmək çoxmu çətindir ki, ermənilər – bizim informasiya almaq hüququmuzun qayğısına qalan dostlar yox, bizi aldatmağa çalışan düşmənlərdir? Onlar bilirlər ki, biz onların yazdıqlarını oxuyuruq, ona görə də, əsasən bizə ötürməkdə maraqlı olduqları xəbərləri yayırlar.
Müharibənin böyüyü-kiçiyi olmur. Uduzmamaq istəyirsənsə, hərbi dövrü hərbi qanun-qayda ilə keçməlisən. Müharibənin aparılması qaydaları heç dəyişməyib - əgər 100 il əvvəl düşmən təyyarə ilə gəlib, göydən vərəqələr səpələyirdisə, bu gün həmin vərəqələr internetdə, mediada və sosial mediada səpələnir. Və çox vaxt biz fərqində olmadan onu götürür, oxuyur və yayırıq. Ən maraqlısı odur ki, təbliğatın məntiqi də dəyişməyib. Maraq üçün, gəlin, II Dünya Müharibəsi, yaxud, bizim babalarımız üçün Böyük Vətən Müharibəsi olan savaş zamanı faşistlərin göydən səpələdikləri təbliğat vərəqələrinə baxaq və onları indiki Vətənüzzinaların təbliğat tezislərilə müqayisə edək.

Faşist təbliğatı bu gün

Məsələn, budur, çox maraqlı bir faşist təbliğatı vərəqəsi. Burada deyilir ki, əgər sovet vətəndaşları həqiqəti bilmək istəyirlərsə, onda rəsmi məlumata inanmaq əvəzinə, faşistlərin onlara atdığı vərəqələri oxumalıdırlar, çünki həqiqət orada yazılıb. Eyni qaydada, bu gün də bizə deyirlər ki, guya həqiqəti bilmək istəyiriksə, öz dövlətimizə yox, xaricdən bizə tərəf axıdılan informasiya selinə inanmalıyıq.
Yaxud bu şəklə baxın. Faşistlər sovet insanını öz rəhbərliyinə qarşı çıxmağa çağırırdılar. Erməni faşizminin bizə tərəf yönəldilmiş ruporları da eyni tezisi işlədirlər.
Amma ən maraqlısı bax, budur. Sovet ordusunun döyüşçüsünə təbliğ edilirdi ki, sən kasıb ola-ola niyə ölümə getməlisən? Eyni sual indi də “Niyə kasıbın balası ölməlidir” şəklində verilir. Halbuki, bu sual ancaq təcavüzkar ölkə üçün doğru ola bilər. Başqasının üzərinə hücuma keçən ölkənin insanları bəli, öz hökumətlərinə sual edə bilərlər ki, “Sən hansısa səbəbdən torpaq tutmaq istəyirsənsə, bizim balalarımızı niyə qırğına verməlisən?!” Məsələn, bunu ermənilər deyə bilər və haqlı da olarlar. Amma təcavüzə uğrayan ölkə üçün bu məntiq nəinki yanlış, hətta qorxuludur.
Təcavüzə uğrayan ölkənin əsgərinin arxasında öz evi var. O, başqasının yox, özünün ailəsini, evini qoruyur. Bunu ya sərhəddə etməlidir, ya da evinin kandarında. Hansı yaxşıdır? Tutaq ki, erməni ordusu cəbhə xəttini aşıb, yaxınlıqdakı kəndlərin birinə girsə, orada yaşayanların kasıb, yoxsa varlı olduğunumu soruşacaq?!
Belə şey ola bilərmi ki, erməni sənin balanı öldürməyə gəlir, sən isə “mən kasıbam”,- deyib, döyüşməkdən imtina edirsən? Yaxud, erməni sənin evini yandırmağa, atanın qəbrini dağıtmağa gəlir, sən əlini yelləyib, “Əşşi, mən onsuz da kasıbam, cəhənnəmə ki!”,- deyib dabanına tüpürüb, qaçıb gizlənirsən. Absurddurmu? Bəli! Eynilə, “Niyə kasıbın balası ölməlidir” sualı da bu qədər, hətta daha artıq absurddur. Amma o, sosial şəbəkədə emosiyaları ilə birlikdə yoğrulub, kökə kimi kütləyə uzadılanda, təəssüf ki, absurd görünmür, buna görə də çox şeytani xarakterə malikdir.
“Niyə kasıbın balası ölməlidir” deyənlərin təklifi nədir: Gəncləri orduya çağıranda onların ailəsinin gəlirlərinə baxmaq, hansısa məbləğdən az olsa, əsgər aparmamaq? Məsələ ondadır ki, “kasıb” anlayışının özü də mübahisəlidir axı: Kimi kasıb sayacağıq? Tutaq ki, bir gəncin atasının gündəlik gəliri 10 manatdan azdırsa, onu əsgər çağırmayaq? Onda, atasının gündəlik qazancı 11 manat olanın günahı nədir?! Belə yanaşmanın necə bir absurd olduğunu izah etməyə ehtiyac varmı?
Üstümüzə yağı gələndə korrupsiya, varlı-kasıb kimi söhbətləri ortaya atıb, cəmiyyətdə sosial nifrəti körükləmək düşmənin hərbi hücumuna daxildən ideoloji dəstək verməkdən başqa heç nə deyil.

Vətənüzzinalar

Gördünüzmü, o vaxtın faşist təbliğatı vərəqələrilə bu gün sosial mediada üstümüzə səpilən virtual təbliğat vərəqlərinin – statusların, tvitlərin, postların, memlərin, arasında nə qədər oxşarlıq var?! Bu, əsla təsadüf deyil. Çünki qarşı tərəfdəkilər faşizmin müasir davamçılarıdır. Eyni düşücə, eyni məntiq, eyni tezislər. Bir də onlara işləyən Vətənüzzinalar.
Dörd gündür sərhədimizdə gedən döyüşlərə düşmən xeyli vaxt ərzində hazırlaşıb, özü də müxtəlif cinahlarda. O cümlədən, daxilimizdəki vətənüzzinaları da vaxtında səfərbər edib və təlimatlandırıb.
Vətənüzzinanın biri xaricdən deyir ki, Azərbaycan öz generalının koordinatlarrını özü düşmənə satıb. O biri deyir ki, müdafiə naziri ölkədən qaçıb. Bir başqası deyir ki, cəbhədəki hadisələr yayındırıcı manevrdir. Onlar “göstərməyə” çalışırlar ki, guya Azərbaycan hakimiyyətinin düşmənlə vuruşmaq, Qarabağı almaq niyyəti yoxdur, onlar göstərmək istəyirlər ki, guya düşmən bizdən güclüdür, onlar soruşurlar ki, niyə cəbhədə insanlar ölməlidir, niyə uşaqlar yetim qalmalıdır?.. Hamısı təxribatçı və insanların düz şüuruna atılan zəhərli ideologiya güllələridir. Amma bu qədər danışanın bircə nəfəri demir ki, üstümüzə düşmən gəlir, bu təcavüz dəf olunana qədər siyasi mövqeyindən, ideologiyasından, hakimiyyətə münasibətindən asılı olmayaraq, hamımız bir nəfərik.
Ayrı vaxt bu vətənüzzinalar guya Azərbaycan xalqı və dövlətinin maraqları üçün çalışdırlarını deyərək, yaxalarını yırtırlar. Yaxşı, əcaba, indi, bu günlərdə Azərbaycan xalqının və dövlətinin maraqları nə tələb edir görəsən?! Birləşmək və ümumi nifrəti düşmənə yönəltmək, yoxsa bir az da parçalanmaq və düşmənə yönəlməli olan həmin nifrəti öz dövlətinə, hakimiyyətinə tuşlamaq? Bu vətənnüzzinalar ancaq ikincisi üçün çalışırlar.
Qəribə olan həm də bilirsinizmi, nədir? Ayrı vaxt “Şuşanı vur”, “Xankəndini vur” deyə haştaq yaradanlar, onlayn kampaniya keçirənlər birdən-birə dönüb oldular ultraliberal, ultrapasifist, ultrahumanist, ultra nə bilim, nə ...ist və başladılar soruşmağa ki, niyə insanlar ölməlidir? Burada absurd ondadır ki, sual Azərbaycan tərəfə aid deyil axı. Bu, təcavüzkara veriləsi bir sualdır, öz torpağını qoruyana yox!

“Sənə hər an can qurban!”

Himnimizdə oxuduğumuz bu sözləri bəlkə də kimsə sadəcə, boğazdan yuxarı deyilən şüar kimi qəbul edə bilər. Amma “Sənə hər an can qurban!” - Bu, şüar deyil, Azərbaycanın var ola bilməsinin yeganə reseptidir.
Bəli, atası şəhid olan 3 uşaq dəhşətli, ürək parçalayan, qan dönduran mənzərədir. Hüqo qələminə layiq tablodur. Amma gəlin, onu da fikirləşək ki, bunun alternativi nədir? Həmin 3 uşağın atası döyüşdənmi qaçmalı idi?
Nə qədər dəhşətli də olsa, təcavüzə uğrayan ölkədə ya atalar ölməlidir, ya da uşaqlar. Biz isə nə edək ki, təcavüzə uğrayan ölkəyik. Bunu dərk və qəbul edib, reallığımıza bu prizmadan baxmağa məcburuq. Qəbul etməliyik ki, bu gün uşaqların sağ qalıb, böyüyə bilməsi üçün atalar düşmən qabağında dayanmalı, can qurban etməyin vaxtı çatanda, əsirgəməməlidirlər. Təki övladlar ölməsin - Xocalıdakı kimi.
Ona görə də, biz “bu uşaqların atası niyə ölüb” deyə soruşmamalıyıq. Biz bunu hər zaman bilməliyik. Bilməliyik ki, o ata eləməli olduğunu edib. Və biz də, elə Dövlət də o Ataların əmanətinə münasibətdə eləməli olduğumuzu etməliyik.
“Niyə bu uşaqlar yetim qalmalıdır” sualı ermənilərə veriləsi sualdır, özümüzə yox. Erməniyə sual verməyin isə mənası yoxdur, çünki ona cavab vermək lazımdır. Necə ki, verilir və veriləcək də. O cavabın hər zaman verilə bilməsi üçün bizə bircə şey lazımdır: güclü dövlət. Qoy, Azərbaycan hər zaman güclü olsun!



Teqlər: AzVision   Real-TV  





Xəbər lenti